İDMAN
Hari Keyn zədə səbəbindən mövsümü erkən başa vurub
Bakı, 10 aprel, AZƏRTAC
İngiltərənin “Tottenhem” futbol klubunun hücumçusu Hari Keyn zədə səbəbindən mövsümü erkən başa vurub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 25 yaşlı ingiltərəli hücumçu “Tottenhem”in heyətində UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin ilk oyununda “Mançester Siti”yə qalib gəldiyi qarşılaşmada zədələnib. Bu barədə London təmsilçisinin baş məşqçisi Maurisio Poçettini oyundan sonra jurnalistlərə açıqlamasında bildirib. Argentinalı mütəxəssis Hari Keynin bu gün tibbi müayinədən keçəcəyini və böyük ehtimalla mövsümü erkən başa vuracağını qeyd edib.
Qeyd edək ki, ingiltərəli hücumçu aprelin 9-da keçirilən görüşün 58-ci dəqiqəsində zədələnərək oyundan kənarlaşıb.