SİYASƏT
Həmvətənimiz Mehman Tatlıyevin uğur formulu
Əmman, 18 aprel (AZƏRTAC). Kanada vətəndaşı olan həmvətənimiz Mehman Tatlıyevin həyat tarixçəsi bir daha sübut edir ki, yaxşı təhsil şəxsi uğur və karyera yüksəlişi qazanmaq üçün əsas amildir. Biliklərə can atmaq, məqsədyönlülük, əməksevərlik, hər işin mahiyyətinə varmaq istəyi həmvətənimizə həqiqi müvəffəqiyyət gətirmişdir. O, peşəsində sanballı uğurlar əldə edib, dünyanın ən iri maliyyə qurumlarından birində aparıcı vəzifələrdən birini tuta bilmişdir. Hazırda Əmmanda yaşayan M.Tatlıyev ABŞ-ın ən iri banklarından birinin, dünyanın 23 ölkəsində, o cümlədən Azərbaycanda filialı olan FİNKA-nın İordaniyada əməliyyat direktorudur.
Mehman 43 yaşında bank maliyyə sahəsində öz yerini tutmağa müvəffəq olmuş, lazımlı mütəxəssisə, hamı tərəfindən qəbul olunmuş peşəkara, qlobal maliyyə xidmətləri üzrə zəngin beynəlxalq təcrübəsi olan ekspertə çevrilmişdir.
Onun barəsində deyirlər ki, Mehmana liderlik keyfiyyətləri, kollektivi səmərəli idarə etmək bacarığı, peşəkar mövqeyini müdafiə etmək, innovasiyalı ideyalar tətbiq etmək vərdişi xasdır. Maliyyə isteblişmenti M.Tatlıyevin biznesin inkişafı sahəsində fəaliyyətini bank sahəsində və digər maliyyə qurumlarında 20 ildən çox idarəetmə təcrübəsi olan peşəkar kimi qiymətləndirir. Təkcə bunu demək kifayətdir ki, o, öz karyerasında Kanadada Şimali Amerikanın HSBC, “Wells Farqo” kimi iri bankların filiallarını idarə etmişdir. O, “TD Canada Trust” maliyyə qurumunda “SME” (kiçik və orta müəssisələr) ilə iş şöbəsinə də başçılıq etmişdir. Azərbaycanda ABŞ-ın “Shore Bankı”nın proqram meneceri işləmişdir. Onun səyləri sayəsində FİNKA bankı İordaniyada müştərilərin sayını cəmi bir il ərzində 40 faiz artırmışdır.
Mehman Azərbaycan Texnologiya Universitetinin bakalavrıdır. O, həm də Pensilvaniya Universiteti yanında Amerika Bankirlər Assosiasiyasının Uorton biznes məktəbinin məzunudur. Üç il ərzində Filadelfiyanın Pensilvaniya Universitetində bank menecmenti ixtisası üzrə təhsil almışdır. 1996-cı ildə Kolorado İqtisadiyyat İnstitutuna daxil olmuş, maliyyə mütəxəssisi ixtisası üzrə təhsil almışdır. Sonra müxtəlif maliyyə qurumlarında işləmişdir.
2002-ci ildə daimi yaşamaq üçün ailəsi ilə birlikdə Kanadaya köçmüş, burada HSBC transmilli bankının proqramlar rəhbəri, “Wells Farqo”nun filialının başçısı işləmiş, Kanadanın “TD Bankı”nda (Ajax, Ontario) kiçik və orta biznesin kreditləşdirilməsi proqramına rəhbərlik etmişdir.
2011-ci ildə FİNKA-nın nümayəndəsi kimi Gürcüstana dəvət olunmuş, 2013-cü ilə qədər burada regional əməliyyat meneceri vəzifəsində çalışmışdır. 2013-cü ildə FİNKA bankının İordaniyada əməliyyat direktoru təyin olunmuşdur. Hazırda onun tabeliyində təqribən 100 əməkdaş işləyir.
Mehman Tatlıyev AZƏRTAC-ın müxbiri ilə müsahibəsində demişdir ki, əsasən, ingilis dilini mükəmməl bilməsi, iş təcrübəsi və irəliyə getmək arzusu ona karyera yüksəlişində həmişə kömək etmişdir. Onun sözlərinə görə, irəli getmək və ciddi rəqabətə davam gətirmək üçün daim yeni biliklərə yiyələnməli, özünü təsdiq etməli, peşəkarlığını sübut etməli olmuşdur. O demişdir: “Əlbəttə, əvvəlcə çətin idi, çünki xaricdə, Kanadada bilik, təcrübə və kreativlik formal diplomlardan daha yüksək qiymətləndirilir. Buna görə daim öz üzərində işləmək, dünyadakı meyilləri izləmək və bilik səviyyəni yüksəltmək lazımdır. Əsas məsələ qarşıya məqsəd qoymaq və maneələrə baxmayaraq ona doğru getməkdir”. Mehmanın fikrincə, karyerada milliyyətin əhəmiyyəti yoxdur. Əsas məsələ bütün dünyada qiymətləndirilən yüksək ixtisas və peşəkarlıqdır.
Qeyd edək ki, Mehman Tatlıyev əsl vətənpərvərdir, milli mənsubiyyətinə görə qürur duyur. Harada yaşamasından asılı olmayaraq, Azərbaycanın uğurlarını fəal şəkildə təbliğ edir, diqqəti ölkəmizə cəlb edir, istər Kanada, istərsə də İordaniyada Azərbaycan diasporu ilə əlaqəli işləyir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman