SİYASƏT
Həmyerlimiz Frankfurt Mayn şəhərinin Əcnəbi Vətəndaşlar Şurasına deputat seçilmişdir
Bakı, 23 noyabr (AZƏRTAC). Almaniyada yaşayan azərbaycanlı Cuma Məmmədov Frankfurt Əcnəbi Vətəndaşlar Şurasına deputat seçilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Frankfurtda yaşayan 168 mindən artıq xarici vətəndaşı təmsil edən və 37 deputatdan ibarət olan Əcnəbi Vətəndaşlar Şurası 5 il müddətinə seçilir. Bu günədək Frankfurt Əcnəbi Vətəndaşlar Şurasında postsovet məkanından heç bir nümayəndə təmsil olunmamışdır. 2010-cu il noyabrın 7-də keçirilmiş seçkilərdə Frankfurtda yaşayan soydaşımız Cuma Məmmədov keçmiş SSRİ-dən olan vətəndaşların namizədlər qrupu tərkibində Xaricilər Şurasına namizədliyini irəli sürmüşdür. 14 namizəddən ibarət qrup seçkilərdə bir mandat qazanmış və deputat seçilmişdir. Soydaşımız ümumi səsvermənin nəticələrinə görə, həm bu qrupda olan, həm də digər qruplarda təmsil olunan sabiq SSRİ vətəndaşlarının hamısından çox səs toplamışdır.
Azərbaycanın Almaniyadakı səfirliyi və ARDNŞ-in nümayəndəliyi həmyerlimizə seçkilərdə dəstək vermişlər.
Bundan başqa, seçkilərin nəticələrinə Cuma Məmmədovun Almaniyanın ən nüfuzlu qəzeti olan “Frankfurter Allgemeine Zeitung”a verdiyi müsahibə böyük təsir göstərmişdir. Qəzet 473 namizəd arasından müsahibə götürmək üçün biri də soydaşımız olmaqla 5 nəfər seçmişdir.