REGİONLAR
“Hər kəs üçün təhsil” kampaniyası: Şəhid və qazi övladlarına məktəbli geyimləri, çanta və ləvazimatlar verilib
Ağcabədi, 15 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisinin nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzində “Bilik günü” münasibətilə tədbir keçirilib. “Hər kəs üçün təhsil” kampaniyası çərçivəsində keçirilən tədbirdə GTM Qarabağ ofisinin rəhbəri Radə Qafarova, Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Əsgərli, “Güvən” Xeyriyyə və Dostluq Cəmiyyətinin sədri Nigar Bayramlı, şəhid və qazi ailələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisinin rəhbəri Radə Qafarova yeni tədris ilində məktəblilərə və müəllimlərə müvəffəqiyyətlər arzulayaraq deyib: “Bu tədris ili ölkəmiz, eləcə də uşaqlarımız üçün daha önəmli olacaq, çünki artıq biz 30 ildən çox işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmişik və buna görə də çox qürurluyuq. Bunun üçün biz Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə, qazilərimizə borcluyuq. Onlar böyük tarix yazdılar və öz övladlarını bizə əmanət etdilər. Biz də bu gün onların övladlarını birinci sinfə yola salmaqdan böyük şərəf duyuruq. Ümid edirik ki, bu balacalar təhsil alaraq, öz atalarının adına layiqli övlad kimi böyüyəcəklər”.
Digər çıxış edənlər də uşaqları yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, “Bilik günü”nün qeyd edilməsinin biliyin, savadlılığın insanlar, icmalar və ümumilikdə cəmiyyət üçün faydalı olmasına diqqət çəkmək məqsədi daşıdığını bildiriblər.
Sonda “Hər kəs üçün təhsil” kampaniyası çərçivəsində bu il ibtidai siniflərə qədəm qoyacaq 12 şəhid və qazi övladına Bakı Tekstil Fabriki tərəfindən məktəbli geyimləri, “Antaris” şirkəti tərəfindən çanta və məktəb ləvazimatları, Gənclər üçün Təhsil Mərkəzi və “Güvən Xeyriyyə və Dostluq Cəmiyyəti” tərəfindən müxtəlif məhsullardan ibarət sovqat verilib.