Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikası medalının TƏSVİRİ

Azərbaycan Respublikasının

2018-ci il 13 fevral tarixli

Qanunu ilə təsdiq edilmişdir

 

Maddə 1. Medalın ümumi təsviri
“Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı (bundan sonra medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi metal lövhədən ibarətdir.
Maddə 2. Medalın ön tərəfi
Medalın ön tərəfinin mərkəzində hər iki tərəfdən çevrə boyunca palıd yarpaqları ilə haşiyələnmiş nişangah, nişangahın üzərində iki çarpaz qılınc, qılıncların yuxarı iti ucları arasında təyyarə qanadları, təyyarə qanadlarının mərkəzində paraşüt, qılıncların kəsişmə nöqtəsindən aşağıda gəmi lövbəri təsvir edilmiş kompozisiya həkk olunur. Aşağı hissədə səkkizguşəli ulduz həkk olunmaqla soldan sağa doğru qövs boyunca “HƏRBİ VƏTƏNPƏRVƏRLİK TƏRBİYƏSİNDƏ XİDMƏTLƏRƏ GÖRƏ” sözləri yazılır. Bütün yazılar və təsvirlər qabarıqdır.

Maddə 3. Medalın arxa tərəfi

Medalın arxa tərəfinin səthi hamardır, orta hissəsində medalın seriyası və nömrəsi həkk olunur.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü düzbucaqlı lövhəyə ilgək və iki halqa vasitəsilə birləşdirilir. Lövhəyə kənarlarından mərkəzə doğru ardıcıl olaraq 1 mm enində qızılı, 3 mm enində tünd zeytun və 5 mm enində ağ rəngli şaquli zolaqlar, mərkəzində isə 19 mm enində tünd zeytun rəngli şaquli zolaq təsvir edilmiş xara lent çəkilmişdir. Lövhənin ön tərəfinin yuxarı hissəsində 37 mm x 5 mm ölçüdə üzərində relyefli palıd yarpaqları təsviri olan düzbucaqlı lövhə bərkidilmiş, aşağı hissəsində isə lövhənin mərkəzində relyefli aypara və səkkizguşəli ulduz təsvir edilmişdir.

4.2. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin