İQTİSADİYYAT
Hesablama Palatasının sədri Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edib
Bakı, 18 iyun, AZƏRTAC
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən XX Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edib.
Palatadan AZƏRTAC-a bildiriblər ki, 2006-cı ildən Rusiya Federasiyası Prezidentinin himayəsi və iştirakı ilə keçirilən iqtisadi forumda bir sıra ölkələrin başçıları və hökumət üzvləri, irimiqyaslı şirkətlərin rəhbərləri, tədqiqatçılar və KİV nümayəndələri iştirak edir. Cari ildə keçirilən forumda müzakirə olunmuş məsələlərin sayı 100-ü, iştirakçıların sayı isə 10 min nəfəri ötüb.
V.Gülməmmədov "Büdcə iqtisadi siyasətin aləti kimi" mövzusunda müzakirələrdə iştirak edib. Həmin müzakirələrə Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının büdcə və vergi komitəsinin sədri Andrey Makarov moderatorluq edib, Rusiya Federasiyasının maliyyə naziri, Hesablama Palatasının sədri və Kipr Respublikası Mərkəzi Bankının sədri çıxış ediblər.
Forumda Azərbaycan Respublikasının Hesablama Palatası ilə yanaşı, İtaliya və Meksika Ali Audit Qurumlarının (AAQ) rəhbərləri, Çin və Belarus AAQ-larının müavinləri, həmçinin Serbiya AAQ-dan nümayəndə heyəti iştirak edib.