SİYASƏT
“Həyat təhlükəsizliyi naminə yollarda təhlükəsizlik”V Beynəlxalq konqresi iştirakçılarının coğrafiyası Şimali Afrikadan Çukotkayadək olan ərazini əhatə edir
Bakı, 4 iyul (AZƏRTAC). 2014-cü il sentyabrın 25-26-da Sankt-Peterburqda keçiriləcək “Həyat təhlükəsizliyi naminə yollarda təhlükəsizlik” V Beynəlxalq konqresinin tədbirlərində dünyanın ən azı 8 ölkəsindən 60-dan çox təşkilatın nümayəndələri iştirak etməyi planlaşdırırlar.
İyulun 4-nə olan məlumata görə, Azərbaycan Respublikası, Ermənistan Respublikası, Belarus Respublikası, Qazaxıstan Respublikası, Moldova Respublikası, Rusiya Federasiyası və Mərakeş Krallığından 62 təşkilat Konqresdə iştirak etmək istədiyini bildirmişdir. Bu barədə AZƏRTAC-a MDB PA-nın mətbuat xidmətindən məlumat vermişlər.
Rusiya Federasiyasına gəldikdə, Konqres iştirakçılarının coğrafiyası Uzaq Şərqdən Kareliyayadək və Şimali Osetiyadan - Alaniyadan Rusiyanın şimalınadək geniş ərazini əhatə edir.
Xatırladırıq ki, 2014-cü il iyunun 27-də Konqresin Təşkilat Komitəsində MDB PA Şurasının sədri, Federasiya Şurasının sədri Valentina Matviyenkonun dediyi kimi, “Həyat təhlükəsizliyi naminə yollarda təhlükəsizlik” V Beynəlxalq konqresi tamamilə gənclərin problemlərinə həsr olunacaqdır.
Dünya statistikasına görə, yol-nəqliyyat hadisələrində əsasən məhz gənc insanlar həlak olur və zədə alırlar. MDB PA Şurasının sədri demişdir: “Cəmiyyət gənclərin tərbiyəsinə və təhsilinə lazımi diqqət yetirmədən yollarda təhlükəsizlik problemlərini çətin ki, həll edə bilsin”.
Valentina Matviyenko yol hərəkəti təhlükəsizliyi mövzusunun populyarlaşmasında gənclərin və gənclər birliklərinin iştirakını da vacib hesab edir. MDB PA Şurası sədrinin fikrincə, Konqres zamanı sürücülük məktəblərində işin əlaqələndirilməsi üzrə vahid metodik mərkəzin yaradılması məsələsini müzakirə etmək lazımdır.
Konqres Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi ilə birlikdə keçiriləcəkdir. Bütün əvvəlki konqreslərdən fərqli olaraq bu il Konqresin tədbirləri təkcə Tavriya Sarayında - Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının iqamətgahında deyil, həm də “Lenekspo” kompleksinin meydançalarında keçiriləcəkdir.