RƏSMİ XRONİKA
HEYDƏR ƏLİYEV MUZEYİ İLƏ TANIŞLIQ
Geniş sahəsi olan muzey ekspozisiya salonu, kitabxana və fonddan ibarətdir. Ekspozisiya salonunda Heydər Əliyevin ağ mərmərdən yonulmuş büstü qoyulmuşdur. Büstün müəllifi xalq rəssamı, akademik Ömər Eldarovdur. Muzeyin fondunda ulu öndərin həyat və fəaliyyəti ilə bağlı 2400-dək eksponat var, ekspozisiyada bunların yalnız bir hissəsi nümayiş etdirilir. Burada ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini, onun xalqımızın tarixinə, mədəniyyətinə, incəsənətinə göstərdiyi diqqət və qayğını əks etdirən fotoşəkillər, habelə ulu öndər haqqında yazılmış kitablar toplanmışdır. Ümummilli liderin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən istifadə etdiyi əşyalar, bütün xarici səfərlərini, eləcə də muxtar respublikaya səfərlərini əks etdirən materiallar diqqəti cəlb edir.
Hörmətli qonağa məlumat verildi ki, buradakı kompyuterlər vasitəsilə ulu öndər Heydər Əliyev ilə bağlı istənilən məlumatı əldə etmək mümkündür. Rəssam Aydın Rəcəboğlu tərəfindən klassik üslubda kətan üzərində yağlı boya ilə 2000-ci ildə çəkilmiş “Prezident Heydər Əliyev” portreti muzeyin dəyərli eksponatlarındandır. Muzeydə ulu öndərlə bağlı çoxlu məktub, teleqram, rəsmi sənədlər də geniş yer tutur. Buradakı “Yüksəlişə doğru həyat yolu” adlı xalça da kompozisiyası və nəfis toxunuşu ilə diqqəti cəlb edir. Ekspozisiyada Heydər Əliyevin 1991-1993-cü illərdə Naxçıvanda işlədiyi dövrü əks etdirən eksponatlar da vardır. Ulu öndərin Naxçıvanda işlədiyi dövrdə iş otağında istifadə etdiyi çıraq, telefon, qələmdan, habelə o vaxtkı geyim əşyaları, saatı da nümayiş etdirilir.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana muzeyin kitabxanası və ümummilli lider Heydər Əliyev haqqında çəkilmiş filmlər barədə də ətraflı məlumat verildi.
1930-cu ildə çəkilmiş ailə fotosu əsasında 2000-ci ildə toxunmuş “Tarix” xalçası qonaqlarda böyük maraq doğurdu.
Rəcəb Tayyib Ərdoğan xatirə kitabına ürək sözlərini yazdı, ümummilli lider Heydər Əliyevin xatirəsini əziz tutan Azərbaycan xalqına ən xoş arzularını yetirdi.
Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan qarşılıqlı hədiyyələr təqdim etdilər.
######