İDMAN
Hindistanlı azarkeş: Əzəmətli Bakı Olimpiya Stadionunda maraqlı qarşılaşma izlədik
Bakı, 30 may, Leyla Qurbanova, AZƏRTAC
Möhtəşəm Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının həyəcanverici final qarşılaşması ilə bağlı aldığım təəssüratları heç vaxt unutmayacağam. Həqiqətən əzəmətli arenada maraqlı qarşılaşmaya baxdıq. Azarkeşi olduğum “Arsenal” komandası uduzsa da, hesab edirəm ki, dünən əsl futbol bayramı izlədik. Xüsusilə arenada azarkeş dəstəyi, möhtəşəm açılış şousu insana unudulmaz hisslər bəxş edir.
Bunu UEFA Avropa Liqasının final oyununu izləmək üçün Bakıya gələn hindistanlı azarkeş Samir Rahmani AZƏRTAC-a müsahibəsində deyib.
Hindistanlı turist azarkeşlərin Bakıda çox səmərəli vaxt keçirmələri üçün hər cür şəraitin yaradıldığını bildirib: “Bakıda dünyanın müxtəlif ölkələrindən olan azarkeşləri görmək çox xoşdur. Təşkilatçılar azarkeşlər üçün hər cür şəraiti yaradıblar. Xüsusilə, arenaya getmək baxımından heç bir çətinliyimiz olmadı. Azarkeşlər üçün mükəmməl şəkildə tərtib olunmuş qrafik, yaradılan nəqliyyat imkanı, eləcə də müxtəlif əyləncə proqramları sayəsində Bakıda əsl futbol bayramı yaşadıq”.
Ölkəmizə yenidən gəlməyi düşündüyünü deyən turist qeyd edib: “Final oyunundan sonra şəhərə çıxıb Bakını daha yaxından tanımağa başlamışam. Şəhər çox gözəl, binalar möhtəşəmdir. Bakıda diqqətimi ən çox cəlb edən parkların çox olmasıdır. Sevinirəm ki, UEFA Avropa Liqasının final matçını izləmək üçün gəldiyim Bakıdan xoş təəssüratlarla qayıdacağam. Bu gözəl şəhərə yenidən qayıtmağı düşünürəm”.