İQTİSADİYYAT
İATA-nın aparıcı auditoru: “Azərbaycan Hava Yolları”nın beynəlxalq sertifikata layiq görülməsindən çox məmnunam
Bakı, 23 noyabr (AZƏRTAC). Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının İOSA auditini (İATA - Operational Safety Audit) heç də hər şirkət uğurla keçə bilmir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə İATA-nın aparıcı auditoru Patrik Daley noyabrın 23-də İOSA sertifikatının “Azərbaycan Hava Yolları” QSC-yə təqdim edilməsi münasibətilə keçirilən tədbirdə bildirmişdir.
İATA-nın tələblərinə uyğun olaraq Assosiasiyaya üzv olan şirkətlərin İOSA auditini keçməli olduqlarını deyən aparıcı auditor yoxlama prosedurunu müvəffəqiyyətlə keçən şirkətlərin İOSA Operatorlar Reyestrinə daxil edildiklərini vurğulamışdır. Qeyd etmişdir ki, İOSA auditi indiki dövrdə dünya aviasiyasında ən mükəmməl və səmərəli bir audit proqramı kimi tanınır. Audit 5 beynəlxalq auditor vasitəsilə aparılır və bu zaman təşkilati işlər, uçuşların yerinə yetirilməsi, sərnişinlərə xidmət, dispetçer, texniki, yerüstü xidmətlər və yükdaşımaları, aviasiya təhlükəsizliyi kimi sahələrin beynəlxalq standartlara görə uyğun olub-olmaması yoxlanılır.
Sonrakı mərhələdə İATA-nın baş ofisi audit nəticələrini yoxlayaraq yekun qərar verir. Məhz bu səbəbdən İOSA sertifikatı audit bitdikdən və ümumi proses tamamlandıqdan sonra həmin aviaşirkətə 2 il müddətinə təqdim edilir.
“Azərbaycan Hava Yolları” QSC-nin bu beynəlxalq auditi nöqsansız keçməsi və sertifikata layiq görülməsi isə bir daha göstərir ki, şirkət təhlükəsizliyə xüsusi önəm verir”, - deyən P.Daley bildirmişdir ki, aviaşirkət artıq 3-cü dəfədir ki, bu beynəlxalq sertifikata layiq görülür və biz bundan çox məmnunuq.