İDMAN
İDMAN SAHƏSİNDƏ İKİTƏRƏFLİ ƏMƏKDAŞLIQ GENİŞLƏNƏCƏK
Azərbaycanın gənclər, idman və turizm naziri Əbülfəz Qarayevin və Türkiyənin gənclər və idman baş direktorluğunun ölkəmizə gələn nümayəndə heyətinin görüşündə bu iki qurum arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilmişdir. Nazir ölkəmizdə idmanın intensiv inkişafından danışaraq bildirdi ki, bu il Azərbaycanda beynəlxalq səviyyəli bir sıra yarışlar keçiriləcəkdir. Əbülfəz Qarayev qadın voleybolçuların Bakıda keçirilən olimpiya lisenziya turnirində Türkiyə komandasının uğurlu çıxışını qeyd edərək dedi ki, Azərbaycanın idmansevərləri qardaş ölkənin voleybolçularına çox fəal azarkeşlik edirlər.
Nümayəndə heyətinin başçısı Mehmet Atalay ümumilli liderimiz, Prezident Heydər Əliyevin vəfatı ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verdi və ümidvar olduğunu söylədi ki, onun təməlini qoyduğu demokratik Azərbaycan dövləti bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Görüşdə Olimpiya oyunları ərəfəsində Azərbaycan və Türkiyə idmançılarının birgə təlim-məşq toplanışları keçirməsi, idmanın müxtəlif növlərində, o cümlədən futbol sahəsində təcrübə mübadiləsi aparılması məsələləri də müzakirə edildi.