İDMAN
İki yeniyetmə güləşçimiz Avropa çempionatının ikinci günündə dörddəbir finalda
Bakı, 18 iyun, AZƏRTAC
İtaliyanın Faenza şəhərində keçirilən yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.
AZƏRTAC Azərbaycan Güləş Federasiyasının saytına istinadla xəbər verir ki, çempionatın ikinci günündə 45, 51, 60, 71 və 92 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparırlar.
Fərid Sadıqlı qitə birinciliyinə inamlı qələbə ilə start verib. Həmyerlimiz ilk görüşdə macarıstanlı həmkarını birinci hissədə də məğlub edib.
Allahverdi Əliyev isə birinci mərhələdə prinsipial görüşdə erməni rəqibinə qalib gəlib. A.Əliyev daha sonra Serbiya təmsilçisini vaxtından əvvəl məğlubiyyətə uğradıb.
Digər güləşçilərimiz Nihat Quluzadə (51 kq) xorvatiyalı Bruno Kabulo, Əli Alıyev (60 kq) rusiyalı Maksim Skuratov, Laçın Vəliyev (92 kq) isə yunanıstanlı idmançı Arxontis Xuras ilə qarşılaşacaqlar.
İyunun 17-də isə iki güləşçimiz Məlik Əliyev (48 kq) və Nihat Məmmədli (55 kq) finala vəsiqə qazanıblar. Xasay Həsənli isə bürünc medal uğrunda mübarizə aparacaq.
Avropa çempionatında yunan-Roma güləşi üzrə 10 idmançımız gücünü sınayır.