İQTİSADİYYAT
İLİN SONUNADƏK ÖLKƏDƏ YOXSULLUĞUN AZALDILMASI TƏDBİRLƏRİNƏ 800 MİLYON DOLLAR YÖNƏLDİLƏCƏK
İqtisadi inkişaf naziri Fərhad Əliyev AZƏRTAC-ın müxbirinə demişdir ki, ölkədə Yoxsulluğun Azaldılması Proqramı uğurla icra edilir və hazırda bu işə dövlət orqanları ilə yanaşı, beynəlxaq maliyyə təsisatları, donor ölkələr, qeyri-hökumət təşkilatları da cəlb olunmuşlar. 2003-2004-cü illərdə yoxsulluğun azaldılması tədbirlərinə 1,7 milyard ABŞ dolları həcmində vəsait sərf edilmişdir. 2005-ci ildə isə bu sahəyə azı 800 milyon dollar yönəldilməsi gözlənilir.
Nazir onu da qeyd etmişdir ki, dövlət başçısının sərəncamlarına uyğun olaraq, əmək haqlarının, pensiyaların, təqaüdlərin və müavinətlərin artırılması və görülən digər tədbirlər nəticəsində 2004-cü ilin yekunlarına görə, yoxsulluğun səviyyəsi 40 faizədək azalmışdır. Bu tədbirlərin cari ildə də davam etdirilməsi yoxsulluğun daha da azaldılmasına müsbət təsir göstərəcəkdir.