İQTİSADİYYAT
İlkin gəlirlər balansında qeyri-neft sektoru üzrə 177 milyon dollar profisit olub
Bakı, 14 iyun, AZƏRTAC
Bu ilin birinci rübündə ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 377,1 milyon dollar kəsir, qeyri-neft sektoru üzrə isə 177 milyon dollar profisit olub.
AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, nəticədə ilkin gəlirlər balansında kəsir 2,3 dəfə azalaraq 200,1 milyon dollar təşkil edib. İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 1,2 milyard dollar olub. Bunun 58,6 faizini (683,3 milyon dollar) Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edir. Bu məbləğin isə əsas hissəsini (351,1 milyon dollar) beynəlxalq neft-qaz konsorsiumları üzrə xarici investorların payına düşən gəlirlərin repatriasiyası (əsasən xam neft şəklində), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (173,8 milyon dollar), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (52,8 milyon dollar) və digər ödənişlər (105,6 milyon dollar) təşkil edir.
Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 397,7 milyon dollar məbləğində qiymətləndirilib. Daxilolmalar 247,4 milyon dollar, ödənişlər isə 150,3 milyon dollardır. Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 91,6 faizini xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 7,3 faizini ölkəyə gətirilən humanitar və yardım mallarının həcmi, 1,1 faizini isə digər daxilolmalar təşkil edir. Ölkəyə göndərilən pul baratlarının həcmi 20,6 faiz artaraq 226,6 milyon dollar, ölkədən çıxarılan pul baratlarının həcmi isə 0,3 faiz azalaraq 121,9 milyon dollar olub. Nəticədə pul baratları üzrə 104,7 milyon dollar müsbət saldo yaranıb.
Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 97,1 milyon dollar (1,7 dəfə artım) təşkil edib.