REGİONLAR
İnformasiya təhlükəsizliyi müasir dövrün ən mühüm məsələləri sırasında yer alır
Naxçıvan, 1 dekabr, AZƏRTAC
Naxçıvan Dövlət Universiteti İnformasiya-kommunikasiya texnologiyaları və Elektron təhsil şöbəsi, Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə “Günümüzdə informasiya təhlükəsizliyi, mövcud kibertəhlükələr və onlarla müdafiə mexanizmləri” mövzusunda təlim keçirilib.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təlimdə İKT və Elektron təhsil şöbəsinin müdiri Hüseyn Əsgərli informasiya təhlükəsizliyinin müasir dövrün ən mühüm məsələləri sırasında yer aldığını vurğulayıb. Deyib ki, ölkəmizdə informasiya təhlükəsizliyinin təmin olunmasının qanunvericilik bazasının formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm qanunlar, normativ aktlar, sərəncamlar qəbul edilib. Bu sahədə əlaqədar qurumlar tərəfindən konseptual, təşkilati, elmi-metodoloji, qanunvericilik, maddi-texniki əsasların yaradılması üzrə iş aparılır.
Kompüter, şifrə vebtəhlükəsizliyi, elektron, mobil təhlükəsizlik mövzuları ilə bağlı ətraflı məlumat verən Hüseyn Əsgərli zərərli proqramların kompüterlərə yoluxması halları və həmin proqramların müxtəlifliyi haqqında əhəmiyyətli məqamları qeyd edib. Fikir mübadiləsi şəraitində keçirilən təlimdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb və fəal iştirakçılara sertifikatlar təqdim edilib.
Təlimdə 150-dən çox müəllim və tələbə iştirak edib.