ELM VƏ TƏHSİL
İnformasiya Texnologiyaları İnstitutu “Web of Science” bazasında
Bakı, 21 aprel, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunun növbəti seminarında böyük elmi işçi Nərmin Adıgözəlova “İnformasiya Texnologiyaları İnstitutu “Web of Science” bazasında” adlı məruzə ilə çıxış edib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Məruzəçi institutda əməkdaşlar üçün Elektron Kitabxana Mərkəzindən “Web of Science” bazasına daxil olmaq imkanının mövcudluğundan danışıb, bazanın əvvəlki və yeni versiyalarının interfeysi haqqında məlumat verib. “Web of Science” bazasının “Core Collection” bölməsinin analiz edildiyini, burada mövzu, müəllif, dil və təşkilat üzrə axtarış etməyin mümkün olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, yeni versiyada institutun adını daxil edərək təşkilat üzrə axtarış sorğusu verdikdə bu elmi müəssisədə fəaliyyət göstərən tədqiqatçıların elmi bazada dərc edilmiş məqalələrinin sayını görmək olar.
Məruzəçi institut alimlərinin əsərlərinin “Core Collection” bölməsində 2005-ci ildən etibarən dərc olunduğunu söyləyib. Bildirib ki, burada hər bir müəllifin məqalələrinin sayı, h-indeksi, istinadlarının sayı və s. haqda məlumatı əldə etmək mümkündür.
O, həmçinin “Web of Science” elmi bazasının “Core Collection” bölməsinə daxil olan elmi əsərlərin illər, istiqamətlər, müəlliflər, jurnallar, nəşriyyatlar, ölkələr, altkateqoriyalar, istinadlar üzrə paylanmasını əks etdirən qrafikləri təqdim edib.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.