ELM VƏ TƏHSİL
İnformatika üzrə fənn olimpiadasının I mərhələsi onlayn keçiriləcək
Bakı, 17 yanvar, AZƏRTAC
Cari tədris ilində informatika fənni üzrə respublika fənn olimpiadasının rayon (şəhər) mərhələsi onlayn formatda keçiriləcək.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, şagirdlər yarışda iştirak üçün müvafiq istifadəçi adı və parolla “portal.edu.az”da mövcud şəxsi kabinetlərinə daxil olmaqla, olimpiadada iştirak hüququ qazanan 8-ci sinif şagirdləri isə oxuduqları ümumi təhsil müəssisəsi vasitəsilə əldə edə bilərlər. Həmçinin qeydiyyat zamanı əlaqə nömrəsini əlavə edən istifadəçilərə həmin məlumatlar SMS bildirişlə də göndərilib.
Qeyd edək ki, əvvəlcə yanvarın 18, 19 və 20-də praktiki sessiya keçiriləcək. Praktiki sessiyanın məqsədi iştirakçıların yarış mühitində işləmə bacarıqlarını formalaşdırmaqdır. Həmin sessiyanın nəticəsi əsas yarışın nəticəsinə təsir etmir.
Əsas yarış yanvarın 22-də saat 10:00-da 8-9-cu siniflər, 13:00-da 10-cu siniflər və 16:00-da 11-ci siniflər üçün keçiriləcək. Hər bir yaş qrupu üçün olimpiadanın birinci turunun müddəti 2 saat təşkil edir. Şagirdlərə həll etmək üçün alqoritmik məsələlər təqdim olunacaq. Yarış mühitində C++ və Phyton proqramlaşdırma dillərində yazılan həllər avtomatik sistem tərəfindən qəbul ediləcək.
Onlayn yarış mühitindən istifadə qaydaları ilə Təhsil Nazirliyinin saytındakı linkə vasitəsilə tanış olmaq mümkündür.