İQTİSADİYYAT
İNGİLTƏRƏ ŞİRKƏTİ “AZƏRBORU” SƏHMDAR CƏMİYYƏTİNİN SƏHMLƏRİNİ ALMIŞDIR
İngiltərənin “Tarqol investment limited” şirkəti “Azərboru” Səhmdar Cəmiyyətinin səhmlərinin alınmasına dair keçirilmiş tenderin qalibi olmuşdur.
SSRİ-nin dağılması nəticəsində iqtisadi əlaqələrin pozulması nəhəng metallurgiya müəssisəsi olan Azərbaycan boru-prokat zavodunun da fəaliyyətinə ağır təsir göstərmişdir. Zavod uzun müddətdi, demək olar ki, işləmirdi. Doqquz minlik kollektiv işsiz qalmışdı. Fəhlələrin böyük əksəriyyəti zavoddan getmiş, bir hissəsi isə məcburi məzuniyyətə göndərilmişdi. Müəssisənin xeyli, o cümlədən əmək haqqının ödənməsi sahəsində, maliyyə borcları vardır.
Respublika Prezidentinin Fərmanı ilə 1998-ci ilin mayında müəssisə “Azərboru” Açıq Tipli Səhmdar Cəmiyyətinə çevrildi. Mütəxəssislərin fikrincə, bu, müsbət irəliləyişin əsasını qoydu.
Səhmlərinin alınması barədə hökumətin elan etdiyi tender bir ildən artıq çəkdi. Tenderdə bir neçə xarici firma iştirak edirdi. Nəhayət, qalib müəyyən olundu. Böyük Britanıyanın “Tarqol investment limited” şirkəti müəssisənin bərpası proqramına 50 milyon ABŞ dolları məbləğində sərmayə qoyacaqdır. Layihə metalın əridilməsi, boru, o cümlədən hazırda aktual olan neft və qaz borularının prokatı və istehsalı nəzərə alınmaqla, istehsalat prosesinin tamamilə yenidən qurulmasını əhatə edir. Bu, şirkətin təklifinə daha cəlbedici etmiş və o, daha səmərəli hesab olunmuşdur.
“Azərboru” SC idarə heyəti şurasının sədri Əzim Əzimov AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, ölkə iqtisadiyyatına, o cümlədən bizim müəssisəyə belə iri sərmayə qoyulması dünyanın işgüzar və maliyyə dairələrinin Azərbaycanı iqtisadi əməkdaşlıq üçün layiqli, bərabər hüquqlu və sərfəli tərəfdaş saydıqlarını göstərir. Bu, dövlətimizin başçısı Heydər Əliyevin uğurla həyata keçirdiyi açıq iqtisadiyyat siyasətinin düzgünlüyünü bir daha sübut edir.
SC-nin başçısı bildirmişdir ki, bərpa proqramı 3 il müddətinə nəzərdə tutulmuşdur. Bundan əlavə 240 min özəlləşdirmə çeki dövriyyədən çıxarılacaq, elə bu qədər opsion İqtisadi İnkişaf Nazirliyinə təqdim olunacaqdır.
Inqiltərə şirkəti layihəni 6 hissəyə bölərək, mərhələlərlə həyata keçirmək niyyətindədir. Bərpa işlərinin hər mərhələsi orta hesabla 6 ay çəkəcəkdir.
“Tarqol investment limited” sosial məsələlərə də böyük diqqət yetirəcəkdir. Bu, ilk növbədə, əmək haqqı borclarının ödənilməsi, habelə əmək haqqının 2-3 dəfə artırılması, işçilərin sosial müdafiəsinin gücləndirilməsi, əmək şəraitinin yaxşılaşdırılması, ekoloji təhlükəsizlik məsələlərinin həllindən ibarətdir. Bundan əlavə, şirkətin vəsaiti hesabına işçiləri pulsuz işə aparıb-gətirəcək xüsusi avtobus marşrutlarının açılması da nəzərdə tutulur. Sanatoriya-kurort müalicəsi, yay istirahətinin təşkili və bir çox digər məsələlər də nəzərdən qaçırılmamışdır.
A.Əzimov vurğulamışdır ki, respublika hökumətinin bu məsələyə xüsusi diqqəti sayəsində xarici şirkətin belə iri sərmayə qoyması müəssisəmizin ölkə iqtisadiyyatı üçün mühüm strateji əhəmiyyəti olduğunu təsdiq edir. Mütəxəssislərin proqnozlarına görə, dünya standartlarına uyğun müxtəlif profilli boruların istehsalı onları rəqabət qabiliyyətli edəcəkdir ki, bu da ixrac üçün yaxşı stimuldur. Onlardan tikinti, meliorasiya sahələrində və qaz sektorunda istifadə edilməsi də istisna olunmur.