RƏSMİ XRONİKA
“İNTERFAKS-AZƏRBAYCAN” İNFORMASİYA AGENTLİYİNİN KOLLEKTİVİNƏ
“İnterfaks-Azərbaycan” informasiya agentliyinin yaradılmasının beş illik yubileyi münasibətilə agentliyin kollektivini ürəkdən təbrik edirəm.
“İnterfaks-Azərbaycan” agentliyi nəinki aparıcı milli KİV-lərdən birinə, həm də ölkəmiz haqqında obyektiv informasiya almaq üçün etibarlı, sınaqdan çıxmış mənbəyə çevrilmişdir. Dünyanın bir sıra ölkələrində Azərbaycan haqqında, iqtisadiyyatımızın sürətli inkişafı, ölkənin müdafiə qabiliyyətinin möhkəmlənməsi haqqında, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Azərbaycan rəhbərliyinin təşəbbüsləri və bir sıra başqa məsələlər barədə xəbərləri “İnterfaks” kanalları ilə alırlar. “İnterfaks-Azərbaycan”ın kollektivinə xas olan yüksək peşəkarlıq, hadisələrə qiymət verilməsində qərəzsizlik ona ölkəmiz haqqında düzgün informasiyanın yayılmasına dair yeni mühüm vəzifələri reallaşdırmağa kömək edir. Bu beş ildə agentlik Naxçıvanda və Gəncədə müxbir məntəqələri açmışdır.
Əminəm ki, sizin bütün fəaliyyətiniz bundan sonra da tamamilə Azərbaycan xalqına, Azərbaycan dövlətinin möhkəmlənməsinə və ölkəmizdə baş verən proseslər haqqında həqiqətin yayılmasına xidmət edəcəkdir.
Sizi yubiley münasibətilə bir daha təbrik edir, sizə xoşbəxtlik, cansağlığı və uğurlu fəaliyyət diləyirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 may 2008-ci il.