MƏDƏNİYYƏT
“İnteryerdə musiqi və həqiqət” adlı sərgi və konsert
Bakı, 19 may, AZƏRTAC
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Beynəlxalq Muzeylər Günü münasibətilə “İnteryerdə musiqi və həqiqət” adlı sərgi və konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova sərgidə XX əsrin interyerini əks etdirən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi ilə yanaşı, teatr və istiqlal muzeyləri, Cəfər Cabbarlının ev-muzeyi və Abdulla Şaiqin mənzil muzeyinin eksponatlarının nümayiş olunduğunu söyləyib.
Bildirib ki, bu eksponatların bəziləri ilk dəfə təqdim olunub. Həmçinin repressiyaya məruz qalmış Azərbaycan mədəniyyətinin bir çox xadimləri -Xədicə Qayıbova, Ərtoğrul Cavid, Pərviz Rüstəmbəyov və bu dövrün mənəvi-psixoloji təzyiqlərinə məruz qalmış digər sənət adamları haqqında məlumat verib.
Tədbirdə “Bilmək və unutmamaq” mövzusunda məruzə dinlənilib.
Sonra Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru muzeyin bir qrup əməkdaşını təşəkkürnamə ilə təltif edib.
Tədbir Bakı Musiqi Akademiyasının professoru Leyla Məmmədəliyeva və akademiyanın tələbələrinin ifalarında konsert proqramı ilə davam edib.