SİYASƏT
İordaniya Haşimilər Krallığı əsas milli bayramını – Milli Müstəqillik Gününü qeyd edir
Əmman, 26 may (AZƏRTAC). İordaniya Haşimilər Krallığı əsas milli bayramını - Milli Müstəqillik Gününü qeyd etmişdir.
İordaniyanın müstəqilliyinin 68-ci ildönümü münasibətilə “Raqadan” Sarayında təntənəli qəbul olmuşdur. Qəbulda Kral II Abdulla, onun xanımı kraliça Raniyə əl-Abdulla, vəliəhd-şahzadə Əl-Hüseyn bin Abdulla, kral ailəsinin üzvləri, habelə Krallığın rəsmi şəxsləri iştirak etmişlər.
Təntənəli mərasimdə İordaniyada akkreditə olunmuş diplomatik korpusun başçıları iştirak etmişlər. Azərbaycanı ölkəmizin İordaniyadakı səfiri Sabir Ağabəyov təmsil etmişdir.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bir gün əvvəl bu münasibətlə Əlahəzrət Kral II Abdullaya təbrik teleqramı göndərmişdir.
Təntənəli mərasimdə Baş nazir Abdulla Annusur, Senat Şurasının sədri Əbdülrauf əl-Ravabde, parlamentin sədri Atif əl-Tarauni və Konstitusiya Məhkəməsinin sədri Hişam əl-Tal çıxış edərək, müstəqilliyin yüksək dəyərlərindən, müxtəlif dövrlərdə Haşimilər Krallığının təşəkkülündən və inkişafından, habelə son illər Kral II Abdullanın rəhbərliyi altında əldə olunan nailiyyətlərdən danışmışlar.
Mərasimin rəsmi hissəsi başa çatandan sonra qonaqlar Kral II Abdullanı, onun xanımı kraliça Raniyə əl-Abdullanı və vəliəhd-şahzadə Əl-Hüseyn bin Abdullanı təbrik etmişlər. Azərbaycan səfiri Sabir Ağabəyov də Kralı, onun xanımını və vəliəhd-şahzadəni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycan xalqı və şəxsən öz adından təbrik edərək, İordaniya Krallığına uğurlar və tərəqqi arzulamışdır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman