RƏSMİ XRONİKA
İORDANİYANIN KRALI II ABDULLAHIN AZƏRBAYCANA SƏFƏRİ
HEYDƏR ƏLİYEV ADINA BEYNƏLXALQ HAVA LİMANINDA QARŞILANMA
AZƏRTAC xəbər verir ki, mayın 5-də İordaniyanın Kralı əlahəzrət II Abdullah Azərbaycana səfərə gəlmişdir.
Hər iki ölkənin dövlət bayraqlarının asıldığı Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Kral II Abdullahı və kraliça Raniyanı təyyarənin pilləkəni yanında Azərbaycanın Baş naziri Artur Rasizadə və digər rəsmi şəxslər qarşıladılar.
Milli geyimli uşaqlar ali qonağa və xanımına gül-çiçək dəstələri təqdim etdilər.
Qarşılanma mərasimindən sonra hava limanının ali qonaqlar üçün salonunda əlahəzrət II Abdullah və Baş nazir Artur Rasizadə arasında qısa protokol söhbəti oldu.
İordaniya Kralı hava limanından fəxri motosikletçilər dəstəsinin müşayiəti ilə dövlət iqamətgahına yola düşdü.
######