İQTİSADİYYAT
İQTİSADİ İNKİŞAF NAZİRLİYİNİN MƏLUMATI
Oktyabrın 26-da Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bakı arasında “Selə qarşı tədbirlər” layihəsinin hazırlanması üzrə texniki yardım müqaviləsi imzalanmışdır. Müqaviləni Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri F.Əliyev və Asiya İnkişaf Bankının nümayəndəsi Məhəmməd E.Tusneem imzalamışlar.
Müqaviləyə əsasən, Asiya İnkişaf Bankı tərəfindən “Selə qarşı tədbirlər” layihəsinin hazırlanması üçün Azərbaycana qaytarılmaz qrant şəklində 700 min ABŞ dolları həcmində vəsait ayrılacaqdır.
Layihənin məqsədi Azərbaycanın bir sıra regionlarında sellərin qarşısının alınması və sakinlərin təhlükəsizliyinin təmin edilməsi, sel nəticəsində vurulan iqtisadi, ekoloji təsirlərin azaldılması və ətraf mühitin qorunmasıdır. Layihə Ağsu, Astara, Balakən, Qəbələ, Qax, Göyçay, İsmayıllı, Oğuz, Şəki, Zaqatala, Qusar rayonlarını, Naxçıvan Muxtar Respublikasını əhatə edəcəkdir.
Layihənin hazırlanması üçün ayrılan texniki yardım iki mərhələdə həyata keçiriləcəkdir. İki ay ərzində tamamlanacaq birinci mərhələ sel hallarının təhlili, mövcud seldən müdafiə avadanlığı və onların münasibliyi, çay məcrasının formaya salınması və məcra kanalının yaradılması təcrübəsi, yuxarı su hövzələrində vəziyyətin öyrənilməsi, hidrometeroloji məlumatların toplanması və təhlili, zonalaşdırma məsələlərini əhatə edəcəkdir. 2-ci mərhələdə AİB tərəfindən maliyyələşdiriləcək investisiya layihəsinin hazırlanması məqsədi ilə texniki-iqtisadi əsaslandırma işləri həyata keçiriləcəkdir.
Ümumiyyətlə, daşqının aradan qaldırılması üçün hazırlanacaq layihənin maliyyələşdirilməsi üçün Asiya İnkişaf Bankından 22 milyon ABŞ dolları ekvivalentində vəsait ayrılması nəzərdə tutulur.