İQTİSADİYYAT
İqtisadiyyat və Sənaye Nazirliyi qarşıda duran vəzifələrlə bağlı tədbirlər planı hazırlayacaq
Bakı, 16 iyul (AZƏRTAC). İqtisadiyyat və Sənaye Nazirliyində geniş kollegiya iclası keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, struktur bölmələrinin və qurum rəhbərlərinin iştirakı ilə keçirilən iclasda nazir Şahin Mustafayev 2014-cü ilin birinci yarısında qazanılmış sosial-iqtisadi nailiyyətlərdən və qarşıda duran vəzifələrdən bəhs edib. 2014-cü ilin "Sənaye ili" elan edilməsini sahəyə verilən böyük önəmin göstəricisi və Azərbaycanda sənayeləşmə prosesinin keyfiyyətcə yeni mərhələsinin başlanğıcı olduğunu deyən nazir Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev tərəfindən sənayenin inkişafı, o cümlədən sənaye klasterlərinin və sənaye məhəllələrinin yaradılması, sənaye istehsalının artırılmasına investisiyaların yönəldilməsi, texnoparkların yaradılması işlərinin davam etdirilməsi istiqamətində verdiyi tapşırıqları bir daha diqqətə çatdırıb.
Bildirilib ki, 2014-cü ildə Şəmkirçay su anbarının istifadəyə verilməsi, suvarılan torpaqların uçotunun təkmilləşdirilməsi, iri taxılçılıq və fermer təsərrüfatlarının yaradılmasının davam etdirilməsi, aqrar sahədə qabaqcıl ölkələrin təcrübə və texnologiyasının tətbiqi, yeni əkin sahələrinin dövriyyəyə buraxılması təmin olunmalıdır. Əsas kənd təsərrüfatı məhsulları ilə özünü təminetmə səviyyəsinin yüksəldilərək 100 faizə çatdırılması, yeni bazarlara çıxış imkanlarının araşdırılması, Avropa bazarlarına böyük həcmdə kənd təsərrüfatı məhsullarının çıxarılması, uzunmüddətli məşğulluq konsepsiyasının müzakirəsinə başlanması da mühüm vəzifələr sırasındadır.
Nazirlər Kabinetinin iclasında ekoloji məsələlərə də diqqət yetirilib, dövlətimizin başçısı tərəfindən göllərin, neftlə çirklənmiş ərazilərin təmizlənməsi, torpaqların rekultivasiyası, Böyükşor gölünün təmizlənməsi layihəsinin davam etdirilməsi və 2015-ci ilin yayına qədər birinci hissənin istifadəyə verilməsi, yaxın aylarda Zığ gölünün təmizlənməsinə başlanılması istiqamətində müvafiq tapşırıqlar verilib.
Kollegiyanın sədri Şahin Mustafayev Prezidentin bütün sahələr üzrə inkişaf istiqamətlərini müəyyənləşdiyi çıxışından irəli gələn vəzifələrin vaxtında və keyfiyyətli icrası istiqamətində struktur bölmələrinin görməli olduğu işlərdən danışıb.
İclasda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən İqtisadiyyat və Sənaye Nazirliyi qarşısında qoyulmuş vəzifələrin icrası ilə bağlı tədbirlər planının hazırlanması qərara alınıb.
Kollegiya iclasında, həmçinin Prezidentin 2014-cü il 12 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"ndan, "Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" 2014-cü il 16 yanvar tarixli Sərəncamından və "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" 2014-cü il 16 aprel tarixli Fərmanından irəli gələn vəzifələrin icra vəziyyəti də geniş müzakirə olunub.