SİYASƏT
İRAN PARLAMENTİNİN ÜZVLƏRİ MİLLİ MƏCLİSİN SƏDRİ İLƏ GÖRÜŞMÜŞLƏR
Martın 7-də Milli Məclisin sədri Murtuz Ələsgərov İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Əliəsğər Şerdust başda olmaqla İran İslam Şurası Məclisinin nümayəndə heyəti ilə görüşmüşdür.
Murtuz Ələsgərov qonaqları səmimiyyətlə salamlayaraq dedi ki, iki ölkənin parlament üzvlərinin tez-tez görüşməsi və qanunvericilik orqanlarında yaradılmış dostluq qruplarının fəaliyyəti Azərbaycan-İran əlaqələrinin möhkəmlənməsinə kömək edir. Azərbaycanın müstəqilliyinin bərpasından sonra daha intensiv hal almış ikitərəfli əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri mühüm rol oynayır. Bu əməkdaşlığın hüquqi bazası məhz Azərbaycan Prezidenti Heydər Əliyevin İrana səfərləri zamanı yaranmışdır. Sonralar hökumətlərarası iqtisadi komissiya təsis olunmuşdur və o, İranın və Azərbaycanın işgüzar adamlarının uğurlu əməkdaşlığını təmin edir.
Murtuz Ələsgərov ölkələrimizin yaxınlaşmasında parlamentlərarası əlaqələrin əhəmiyyətindən söhbət açaraq, Milli Məclisin nümayəndə heyətinin 1998-ci ildə İrana səfərinin nəticələrindən ətraflı danışdı, beynəlxalq təşkilatlar, o cümlədən İslam Konfransı Təşkilatı çərçivəsində uğurlu əməkdaşlığından məmnunluq duyduğunu söylədi.
Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında qonaqlara müfəssəl məlumat verərək vurğuladı ki, Azərbaycanın ədalətli mövqeyinin qorunmasında İranın mövqeyi qətidir. Lakin son vaxtlar İranın Ermənistanla əlaqələrinin genişlənməsi Azərbaycanın mənafeyinə xələl gətirməməlidir.
Əliəsğər Şerdust səmimi qəbula görə təşəkkür edərək, Azərbaycanda keçirilmiş görüşlərdən razı qaldığını bildirdi. O dedi ki, Azərbaycan və İran xalqlarını ümumi tarix, mədəniyyət, ənənələr və din birləşdirir, ona görə də hər iki ölkənin parlamentləri əlaqələrin keyfiyyətcə yeni səviyəyə qaldırılması üçün səylərini əsirgəməməlidir.
Nümayəndə heyətinin rəhbəri İran İslam Şurası Məclisi sədrinin məktubunu Murtuz Ələsgərova təqdim edərək bildirdi ki, İranın bütün rəhbərləri Azərbaycanla dostluq əlaqələrinin möhkəmləndirilməsinə tərəfdardırlar.
Görüşdə İranın Azərbaycandakı səfiri Əhəd Qəzai və Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov iştirak edirdilər.