SİYASƏT
İranın “Dəniz” qəzeti AzərTAc-ın xüsusi müxbirinin analitik məqaləsini yaymışdır
Bakı, 25 aprel (AZƏRTAC). İranın Qərbi Azərbaycan Vilayətinin mərkəzi Urmiya şəhərində fəaliyyət göstərən “Dəniz” qəzeti AZƏRTAC-ın Türkiyə üzrə xüsusi müxbiri Sabir Şahtaxtının “Naxçıvan: işğal təhlükəsindən strateji inkişaf hədəflərinə doğru” analitik məqaləsini yaymışdır.
Məqalədə Naxçıvan Muxtar Respublikasının muxtariyyət statusunun əldə olunması istiqamətində aparılan mübarizənin tarixindən, XX əsrin əvvəllərində və sonunda, eləcə də keçmiş sovet dönəmində ermənilərin Naxçıvanla bağlı mənfur niyyətlərindən, təcavüzkar Ermənistanın Naxçıvanı blokadada saxlaması və işğal etmək cəhdlərindən, ümummilli lider Heydər Əliyevin muxtar respublikanın tarixindəki xilaskarlıq missiyasından, Prezident İlham Əliyevin bölgənin inkişafının təmin olunması istiqamətində qəbul etdiyi mühüm qərarların əhəmiyyətindən, müasir Naxçıvanın inkişaf istiqamətlərindən və s. məqamlardan bəhs edilir.
Məqalədə əsaslandırılır ki, Azərbaycan Respublikasının ayrılmaz hissəsi olan Naxçıvan tarixin bütün mərhələlərində öz mübarizə əzmini qorumuş, heç zaman düşmənə əyilməmişdir. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra isə Naxçıvan ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə istiqlal savaşımızın önündə getmişdir. Prezident İlham Əliyev bu barədə danışarkən demişdir: “...O vaxt naxçıvanlılar Heydər Əliyevin rəhbərliyi altında böyük qəhrəmanlıq və şücaət göstərmişdilər. Ermənistan tərəfindən edilən bütün hücumlara çox layiqli cavab verilmişdi və düşmən yerinə oturdulmuşdu. O anlarda, o aylarda, o illərdə Naxçıvanın taleyi həll olunurdu və bir daha o tarixə nəzər salaraq görürük ki, əgər Heydər Əliyev o vaxt Naxçıvanda olmasaydı, yəqin ki, Naxçıvanın taleyi çox acınacaqlı ola bilərdi”.
Məqalədə, həmçinin Naxçıvanın müasir inkişaf göstəriciləri barədə ətraflı məlumat verilmişdir.