İQTİSADİYYAT
İRƏLİDƏ GEDƏNLƏR DƏ VAR, GERİDƏ QALANLAR DA...
Bu ilin on bir ayı ərzində respublikanın quruda neft və qazçıxarma müəssisələri Magistral Neft Kəmərləri İstehsalat Birliyinə nəzərdə tutulan proqnozdan 10431 ton çox neft təhvil vermişdir.
Birlikdən AZƏRTAC-a demişlər ki, onlara neft təhvil verən müəssisələr ilin 11 ayını müxtəlif göstəricilərlə başa çatdırmışdır. Ən yüksək göstəricini “Balaxanıneft” NQÇİ əldə etmişdir. İdarənin kollektivi 11 aylıq proqnozu 111,7 faiz yerinə yetirmişdir. Daha beş müəssisə - “Suraxanıneft”, H.Z.Tağiyev adına, “Bibiheybətneft”, Ə.C.Əmirov adına, “Binəqədineft” NQÇİ-lər də on bir aylıq proqnozları artıqlaması ilə yerinə yetirmişdir. Təkcə “Siyəzənneft” NQÇİ geriliyə yol vermişdir. Burada yanvar-noyabr ayları üçün tapşırığa 99,3 faiz əməl olunmuşdur.
Quruda neft və qazçıxarma müəssisələrinin ümumi neft hasilatında həm 100 faizli xarici sərmayəli, həm birgə müəssisələrin, həm də “Muradxanlı” Əməliyyat Şirkətinin payı vardır. “Anşad Petrol”u həmin müəssisələr sırasında rekordçu saymaq olar - hasilat üzrə 11 aylıq proqnoza 144 faiz əməl olunmuşdur.