İQTİSADİYYAT
İşçinin gəlir vergisindən iki güzəşt hüququ olduqda ona hansı güzəşt tətbiq edilir?
Bakı, 14 sentyabr, AZƏRTAC
İctimai maraq doğuran aktual məsələlərdən biri də əməkhaqqına aid güzəştlərlə bağlıdır. Belə ki, bəzən bir işçinin gəlir vergisindən iki güzəşt hüququ olur. Bu halda məsələ necə tənzimlənir?
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, məsələyə aydınlıq gətirən iqtisadçı ekspert Anar Bayramovun sözlərinə görə, Vergi Məcəlləsinə uyğun olaraq fiziki şəxsin iki güzəşt hüququ olduqda ona bu güzəştlərdən biri, məbləğcə ən böyük olanı verilir.
Məsələn, müharibə veteranı və məcburi köçkün olan işçinin əsas iş yeri olaraq çalışdığı dövlət müəssisəsində və ya neft şirkətində aylıq əməkhaqqı 1000 manatdır. Həmin işçiyə gəlir vergisi hesablanarkən güzəştin ən böyüyü, yəni müharibə veteranı üçün müəyyən edilən 400 manat güzəşt tətbiq edilir: “Bəzi güzəştlər də var ki, onlardan böyüyü götürülmür, güzəştlər toplanır. İşçinin Vergi Məcəlləsinə əsasən, yəni qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagird və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəlirinə 50 manat məbləğində güzəşt hüququ da olarsa, o zaman bu güzəştlər üzrə məbləğ toplanır.