REGİONLAR
İsmayıllıda 140 tondan çox bal istehsal olunub
İsmayıllı, 17 sentyabr, AZƏRTAC
İsmayıllı arıçıları cari ildə bəslədikləri arı ailələrindən 146 ton bal götürüblər.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, arıçılıq İsmayıllıda ənənəvi təsərrüfat sahəsidir. Bölgənin meşələri, zəngin bitki örtüyü, eləcə də hər arı ailəsi üçün dövlət tərəfindən verilən subsidiya təsərrüfatın bu sahəsinin inkişafına səbəb olub. Təsadüfi deyil ki, son üç ildə rayonda bal istehsalı iki dəfədən çox artıb. Arı ailələrinin sayı da artaraq 17122-yə çatıb.
Bu gün İsmayıllıda peşəkar arıçıların da sayı artmaqdadır. Arıçı Məzahir Salmanovun 55 arı ailəsi var. Bu mövsümdə hər ailədən 11 kiloqram olmaqla 605 kiloqram bal süzüb. 20 arı ailəsi olan Şaməddin Nadirov da hər qutudan 10,25 kiloqram olmaqla 205 kiloqram bal götürüb.
Hər il olduğu kimi, bu il də arıçılar məhsullarını yerli bazarlara çıxarıblar.