REGİONLAR
İsmayıllıda FAO-nun dəstəyi ilə Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına həsr olunmuş seminar keçirilib
Bakı, 27 sentyabr, AZƏRTAC
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə İsmayıllı rayonunda seminar keçirilib. Seminarın keçirilməsində məqsəd ərzaq, kənd təsərrüfatı, meşəçilik, balıqçılıq və kənd yerlərinin inkişafı sahələrinə xüsusi diqqət yetirmək, Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında regional və yerli maraqlı tərəflərin məlumatlılığını artırmaq olub.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, seminarda yerli dövlət-özəl sektor əməkdaşlığının Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının sürətləndirilməsinə verdiyi töhfə ətrafında müzakirələr aparılıb. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyinin mərkəzi və yerli qurumlarının nümayəndələri, eləcə də QHT-lər, vətəndaş cəmiyyətləri, ərzaq və kənd təsərrüfatı məhsullarının yerli istehsalçıları iştirak ediblər.
Seminarda çıxış edən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin nümayəndələri dayanıqlı inkişafda dövlət-özəl sektor əməkdaşlığının önəmini vurğulayıblar.
Sonra DİM12 (Məsuliyyətli istehlak və istehsal) ilə bağlı FAO layihəsi çərçivəsində hazırlanmış “Ərzaq israfı” adlı qısa film nümayiş etdirilib.
Seminarda Vyananın Təbii Sərvətlər və Həyat Elmləri Universitetindən dəvət olunmuş ekspert Həmid El-Bilali, nazirliyin mərkəzi və yerli qurumlarının nümayəndələri, eləcə də QHT-lər, vətəndaş cəmiyyətləri və özəl sektordan olan müvafiq maraqlı tərəflər təqdimatlar ediblər.
Qeyd edək ki, bu tədbir FAO-nun Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində potensialların artırılmasına dəstək layihəsi çərçivəsində həyata keçirilən seminarlardan biridir. Bu layihə Təbii Sərvətlər və Həyat Elmləri Universitetinin (BOKU) texniki və elmi dəstəyi ilə həyata keçirilir.