REGİONLAR
İsmayıllıda şəhid mayorun xatirəsi anılıb
İsmayıllı, 28 dekabr, AZƏRTAC
İsmayıllı rayonunun Qurbanəfəndi kəndindən olan Vətən müharibəsi şəhidi mayor Sübhi Mürsəliyevin ad günündə - dekabrın 28-də məzarı yanında anım mərasimi keçirilib. Mərasimdə rayon rəhbərliyi, şəhid ailələri, kənd sakinləri, şəhidin yaxınları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları şəhidin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər.
Çıxış edənlər şəhidin ailəsinə başsağlığı verib, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi Qələbədən, Sübhi və onun kimi şəhidlərimizin şərəfli döyüş yolundan danışıblar.
Sonra Qurbanəfəndi kənd tam orta məktəbinin şagirdlərinin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.
Qeyd edək ki, Azərbaycan Ordusunun mayoru Sübhi Mürsəliyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sentyabrın 30-da gərgin döyüşlərdə 28 əsgərini ölümdən xilas edərkən qəhrəmancasına şəhid olub. Ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.