REGİONLAR
İsmayıllının Qalınçaq kəndində şəhid Fuad Nəcəfovun xatirəsi anılıb
İsmayıllı, 4 oktyabr, AZƏRTAC
İsmayıllının Qalınçaq kəndindən olan Vətən müharibəsi şəhidi Fuad Nəcəfovun doğum günü münasibətilə rayon rəsmilərinin, döyüş yoldaşlarının, ictimaiyyət nümayəndələrinin, yaxınlarının iştirakı ilə mərasim keçirilib. Yaşasaydı, 21 yaşını özü qeyd edərdi.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kənd qəbiristanlığında, məzarı yanında keçirilən mərasimdə Fuad və onun kimi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhuna dualar oxunub, məzarı üstünə çiçəklər düzülüb. Rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov çıxış edərək vurğulayıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə işğalçı erməni ordusu üzərində qazanılan qələbə ilə Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. Beləliklə, beynəlxalq təşkilatların, böyük güc dövlətlərinin özlərinin qəbul edib, amma 30 ildə yerinə yetirə bilmədikləri qərarları Azərbaycan xalqı özü yerinə yetirdi. Bu qələbənin qazanılmasında, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimiz də olub. Bu gün onları dərin hüznlə yad edir, ruhu qarşısında baş əyirik, sağlamlığını itirən qazilərimizə şəfa diləyirik.
Çıxış edən şəhidin yaxınları Fuad Nəcəfovla bağlı xatirələrini, onun göstərdiyi qəhrəmanlıqlardan və vətənpərvərliyindən danışıblar. Tədbirdə Qalınçaq kənd tam orta məktəbinin şagirdləri şəhidə həsr olunan şeirlər səsləndiriblər.
Sonra mərasim iştirakçıları Fuadın dünyaya göz açdığı, böyüyüb boya-başa çatdığı evdə onun xatirəsinə yaradılan guşə ilə tanış olublar.
Qeyd edək ki, Fuad Nəcəfov oktyabrın 7-də Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.