MƏDƏNİYYƏT
İspaniya sentyabradək 50 milyon turist itirib
Madrid, 4 noyabr, AZƏRTAC
Sentyabr ayında İspaniyaya ötən ilin analoji dövrünə nisbətdə 87 faiz az turist gəlib.
AZƏRTAC xəbər verir ki, Krallıq bu ilin sentyabrında 1,1 milyon turist qəbul edib. Müqayisə üçün deyək ki, ötən ilin sentyabr ayında ölkəyə gələn turistlərin sayı 8,8 milyon olub. Bu o deməkdir ki, İspaniya təkcə bir ay ərzində yeddi milyondan çox səyahətçi itirib.
Bu, 70 faizdən çox azalma tempi qeydə alınmış əvvəlki aylarda olduğu kimi, ölkəyə turist axınının daha da azalacağından xəbər verir. Müqayisə üçün deyək ki, cari ilin avqust ayında ölkəni 2,4 milyon, 2019-analoji ayında isə 10 milyondan çox turist ziyarət edib.
Qeyd edək ki, bu il İspaniyaya gələn əcnəbilərin sayı 16,8 (74,9 faiz az), ötən il isə, 67 milyon nəfər təşkil edib. Bu da nəticə etibarı ilə 50 milyondan çox turistin itirilməsi deməkdir.
Hələlik bu il ən çox ziyarət olunan regionlar sırasına Kataloniya (təxminən 3,5 milyon, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 77,7 faiz az), Kanar adaları (təxminən 3,3 milyon 65,9 faiz azalma) və Andaluziya (təxminən 2,5 milyon, 74,6 faiz az) daxildir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid