DÜNYA
İspaniyada seçkiqabağı kampaniya başlanıb
Madrid, 1 noyabr, AZƏRTAC
Bu gün İspaniyada noyabrın 10-da keçiriləcək parlament seçkiləri üzrə seçkiqabağı kampaniya başlanıb. Sorğular PSOE-nin (ölkənin Baş Naziri vəzifəsinin müvəqqəti icra edən şəxsin partiyası) daha bir qələbəsini proqnozlaşdırır.
AZƏRTAC xəbər verir ki, son dörd ildə sayca dördüncü olacaq bu seçkilər tərəflərin sabit hökumətin təmin olunmasından ötrü razılığa gəlməkdə bacarıqsızlığını sübut edir. Pedro Sançes koalisiyanın formalaşdırılmasının mümkünsüzlüyü səbəbindən seçkilərin məcburi keçirilməsi məsuliyyətini müxalifət partiyalarının üzərinə qoyub.
PSOE (İspaniya Sosialist Fəhlə Partiyası) parlamentdə azı 123 yer qazanmaq niyyətindədir.
Seçkiqabağı kampaniyada Kataloniya məsələsi üstünlük təşkil edib. Oktyabr ayı 2017-ci ildə öz müqəddəratını təyin etmək cəhdinə görə 12 kataloniyalı liderin ölkənin Ali Məhkəməsi tərəfindən məhkum edilməsi ilə yadda qalıb. Məhkəmənin qərarı Kataloniyada iğtişaşlara səbəb olub.
Sonuncu dəfə İspaniyada seçkilər aprelin sonunda keçirilib. O vaxt PSOE parlament palatasında qalib gələrək 123 yer qazanmışdı. Seçicilərin iştirakı 75 faiz təşkil etmişdi.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid