SİYASƏT
İSPANİYANIN GÜRCÜSTANDAKI SƏFİRİ BU ÖLKƏDƏKİ AZƏRBAYCANLILARIN PROBLEMLƏRİ İLƏ MARAQLANMIŞDIR
Bakı, 4 avqust (AZƏRTAC). Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, İspaniyanın Gürcüstandakı səfiri Xose Antonio Zorilla avqustun 3-də Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) ofisində konqresdə təmsil olunan QHT nümayəndələri ilə görüşmüşdür.
GAK-dan Diasporla İş üzrə Dövlət Komitəsinə bildirmişlər ki, görüşdə GAK sədri Əli Babayev konqresin fəaliyyəti və gələcəkdə həyata keçirəcəyi layihələr barədə səfirə məlumat vermişdir.
QHT nümayəndələri səfiri Gürcüstanda milli azlıqların hüquq və azadlıqlarının qorunması, mədəniyyət, insan haqları sahəsində görülən işlər, Gürcüstan-Ermənistan sərhəd bölgəsində yaşayan azərbaycanlıların üzləşdiyi problemlər barədə məlumatlandırmışlar.
Görüşün sonunda ispaniyalı diplomata Kvemo Kartli-Borçalı bölgəsində fəaliyyət göstərən regional QHT-lərin etnik azərbaycanlıların problemləri barədə hazırladıqları hesabat və məlumat kitabçaları təqdim olunmuşdur.