REGİONLAR
İsveçli rejissor Naxçıvanda film çəkəcək
Naxçıvan, 3 may, AZƏRTAC
Azərbaycanın İsveç Krallığındakı səfirliyinin təşəbbüsü, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə isveçli fotoqraf və rejissor Mikael Silkeberq Naxçıvanda film çəkilişlərinə başlayır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, çəkiliş heyəti Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin icraçısı, nazir müavini Həsən Seyidovla görüşüb. Görüş zamanı nazir müavini hazırlanacaq filmi muxtariyyətin 100 illiyinə dəyərli töhfə kimi qiymətləndirib, Naxçıvanın tarixinin, mədəniyyətinin təbliği baxımından əhəmiyyətli olduğunu bildirib. Filmin rejissoru Mikael Silkeberq Naxçıvanın zəngin tarixi olduğunu qeyd edib.
Görüşdə çəkiliş aparılacaq məkanlar, filmdə rol alan aktyorlarla bağlı fikir mübadiləsi aparılıb.
“Nuhun ayaq izləri” adlanan filmdə Naxçıvanda fəaliyyət göstərən aktyorlar rol alacaq. Filmin çəkilişləri Haçadağ, Əshabi-Kəhf ziyarətgahı, Əlincə qalası, Ordubad rayonu, Gəmiqaya, Möminə Xatın türbəsi, Nuh peyğəmbərin türbəsi və digər məkanlarda aparılacaq.