İQTİSADİYYAT
İTALİYADA XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞTƏDBİR KEÇİRİLMİŞDİR
Səfir Emil Kərimov Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının tarixindən, xüsusən də 1988-ci ildən başlanan təcavüz siyasətinin acı nəticələrindən danışmış, Xocalı faciəsində beynəlxalq sənədlərdə soyqırımı cinayətinə dair bütün əlamətlərin olduğunu bildirmişdir. O, Azərbaycan hökumətinin bu hadisələrin dünya ictimaiyyəti tərəfindən soyqırımı kimi tanınması istiqamətində iş apardığını diqqətə çatdırmışdır.
Sonra vaxtilə Avropa Şurası Nazirlər Komitəsinin Aqo qrupuna rəhbərlik etmiş səfir Pyetro Erkole Aqo Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi barədə məlumat vermiş, problemin sülh yolu ilə aradan qaldırılacağına ümid etdiyini bildirmişdir.
Xocalı faciəsinin dəhşətlərindən danışan Türkiyənin İtaliyadakı səfirliyinin müşaviri Namik Erkül türk xalqının Azərbaycanın dərdinə şərik olduğunu bildirmişdir.
Daha sonra İtaliyadakı Azərbaycan diasporunun təmsilçiləri - BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının əməkdaşı Elxan Əliyev və Padova Universitetinin tələbəsi, Azərbaycan-İtaliya Dostluq Assosiasiyasının sədri Zaur Fərhadov Ermənistanın işğalçılıq siyasətindən danışmış, dünya ictimaiyyətini münaqişənin həllində konstruktiv mövqe tutmağa və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında Ermənistana təsir göstərməyə çağırmışlar.
Tədbirdə Xocalı soyqırımından bəhs edən “Erməni terroru” (“Armenian terror”) filmi, habelə faciəni əks etdirən fotosərgi nümayiş etdirilmiş, iştirakçılara materiallar və DVD-lər paylanmışdır.
Səfirliyin Xocalı soyqırımı ilə bağlı ingilis və italyan dillərində hazırladığı məlumat dövlət qurumlarına, mətbuat orqanlarına, ictimai təşkilatlara və diplomatik korpusa göndərilmişdir.