İQTİSADİYYAT
IV İslam Həmrəyliyi Oyunları ilə bağlı 10-dan artıq küçə və prospektdə təmir işləri aparılıb
Bakı, 24 aprel, Ramiz Quliyev, AZƏRTAC
Cari ilin may ayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı “Azəravtoyol” ASC tərəfindən 10-dan artıq küçə və prospektdə təmir işləri aparılıb.
Bu barədə AZƏRTAC-a qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
Qeyd olunub ki, qısa müddət ərzində Babək prospektinin Sərhədçi idman arenasının qarşısından keçən hissəsində, Binəqədi rayonu ərazisində İbrahimpaşa Dadaşov küçəsində, Qala-Şüvəlan yolunda, Xəzər rayonunun “Mir Mövsüm Ağa” ziyarətgahı ilə “AZAL” Arenanın yerləşdiyi hissəsində və “AZAL” Arena istiqamətinə gedən Starçük küçəsində, “Bayıl Arena”nın qarşısında, Bayıl-Bibihetbət yolunda, Lökbatan dairəsində, “Bakı Dairəvi-1” avtomobil yolunda, Binəqədi rayonu Şövkət Məmmədova və S.S.Axundov küçələrində təmir işləri aparılıb.
Hazırda da bu istiqamətdə işlər davam etdirilir.
Bundan başqa, 30-dan artıq yaxın küçə və prospektdə yolun üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri həyata keçirilib və bu işlər davam etdirilir.