REGİONLAR
İvanovka kəndində şəhidlərin xatirəsinə tikilən bulaq istifadəyə verilib
İsmayıllı, 1 oktyabr, AZƏRTAC
İsmayıllı rayonunun İvanovka kəndində şəhidlərin xatirəsinə inşa edilən bulağın açılışı olub. Açılış mərasimində rayon rəsmiləri, şəhid ailələri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov çıxış edərək, şəhidlərimizin qanının yerdə qalmadığını, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini vurğulayıb, qazanılan böyük Qələbənin tarixi əhəmiyyətindən danışıb.
İcra başçısı bulağın inşasında əməyi olan hər kəsə təşəkkürünü bildirib, şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən dövlət qayğısından söz açıb.
Çıxışlarda Birinci və İkinci Qarabağ müharibəsində İvanovka kəndindən şəhidlik zirvəsinə ucalan Belyakov Vasili Nikolayeviçin, Arif Məhəmməd oğlu Əsgərovun və Etibar Fazil oğlu Şirinovun erməni işğalçılarına qarşı göstərdikləri şücaətlərdən, onların qısa, şərəfli həyat və döyüş yollarından danışılıb.
Şəhid Etibar Şirinovun anası Əfruz Şirinova göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Tədbirdə Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbin şagirdlərinin ifasında Vətənə, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.