SİYASƏT
Jewish Voice from Germany: Azərbaycan.
Qonaqpərvərlik qalib gəlir
Berlin, 29 aprel (AZƏRTAC). Almaniyanın geniş oxucu kütləsinə malik “Jewish Voice from Germany” qəzetində baş redaktor Elizabet Seliqman-Noyun Azərbaycana səfərindən bəhs edən “Azərbaycan. Qonaqpərvərlik qalib gəlir” sərlövhəli məqaləsi dərc olunmuşdur.
Qəzetin internet saytında isə (http://jewish-voice-from-germany.de/cms/dynamics-and-tradition/) baş redaktorun Azərbaycana həsr olunmuş “Dinamika və ənənələr” sərlövhəli məqaləsi yerləşdirilmişdir.
Azərbaycana səfərinin Novruz bayramına təsadüf etdiyini vurğulayan müəllif əvvəlcə bayramın qeyd olunmasının özünəməxsus cəhətləri barədə məlumat vermiş, süfrələrin bəzədilməsi, masalara 7 cür yemək qoyulması, tonqal qalanması, aşıqların məclisləri idarə etməsi və s. adətləri oxucuların diqqətinə çatdırmışdır. Jurnalist hər addımda qarşılaşdığı qonaqpərvərliklə bağlı fikirlərini bölüşmüşdür: “Oturmağa imkan tapmırsan ki, qarşına isti çay gətirirlər. İnsanlar sənin özünü evində hiss etməyin üçün əllərindən gələni edirlər”.
Müəllif bu qonaqpərvərliyə sübut kimi daha bir fikrini bölüşür: “Bakıda memarı Zaha Hadid olan əzəmətli Heydər Əliyev Mərkəzinə ekskursiya etmək istəyirsən? Bir telefon zəngi aç, bir az sonra sən oradasan. Azərbaycanda yəhudi icmasının nümayəndəsi ilə görüşmək istəyirsən? Böyük məmnuniyyətlə. Növbəti gün səni yeni tikilmiş sinaqoqda salamlayacaqlar”.
Jurnalist qeyd edir ki, qonaqpərvərliklə bərabər tolerantlıq da bu ölkənin bir hissəsidir. Azərbaycan dini icmaların dinc şəkildə, bərabər yaşadıqları bir ölkədir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin