DÜNYA
KANADA XİN İRAQDA OLAN HƏMVƏTƏNLƏRİ BU ÖLKƏNİ TƏRK ETMƏYƏ ÇAĞIRIR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərdə deyilir ki, İraqda vəziyyətin gərginləşməsi ilə əlaqədar Kanadanın hakimiyyət orqanları öz həmvətənlərinə bu ölkəyə getməkdən çəkinməyi tövsiyə etmişlər. Xarici İşlər Nazirliyi isə İraqda olan kanadalıları bu ölkəni tərk etməyə çağırmışdır.
XİN-in bəyanatında bildirilir ki, “İraqda əcnəbiləri, o cümlədən də kanadalıları böyük təhlükə gözləyir. Bağdadda və digər bölgələrdə ABŞ və koalisiya qüvvələrinə, BMT, Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşlarına, xarici səfirliklərə, xarici polislərə və mülki şəxslərə tez-tez basqınlar edilir və bu basqınlar çoxsaylı tələfatla nəticələnir”.
Kanada XİN İraqda insanların oğurlanması təhlükəsi barədə də xəbərdarlıq edir. Məsələn, bu günlərdə humanitar təşkilatın əməkdaşı olan Suriya mənşəli Kanada vətəndaşı və başqa əcnəbilər oğurlanmışdır.
Xatırladaq ki, Kanada İraq müharibəsində iştirak etməmişdir. Ottava BMT-nin sanksiyası olmadan bu ölkəyə müdaxiləni dəstəkləməkdən boyun qaçırmışdır.