RƏSMİ XRONİKA
“KARVAN” İDMAN KOMPLEKSİ ƏN MÜASİR TƏLƏBLƏRƏ CAVAB VERİR
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Yevlaxda “Karvan” idman kompleksinin açılışında iştirak etmişdir.
Rəmzi açılışı bildirən lenti kəsən dövlətimizin başçısı komplekslə yaxından tanış oldu. 2004-cü ildə yaradılmış “Karvan” futbol klubunun çempionatlardakı çıxışlarını əks etdirən fotoşəkillərə, akt salonuna, həkim, internet otaqlarına, habelə futbolçuların istirahət otaqlarına baxdı.
Prezident İlham Əliyev kompleksin yüksək səviyyədə tikilməsindən və müasir tələblərə cavab verməsindən məmnunluğunu söylədi və ölkəmizdə idmanın inkişafına bundan sonra da qayğı göstəriləcəyini bildirdi.