ELM VƏ TƏHSİL
“Karyera məsləhəti xidmətinin təşkili” üzrə təlim proqramının II mərhələsi başlanıb
Bakı, 16 dekabr, AZƏRTAC
Seçilmiş peşə təhsil müəssisələrində karyera mərkəzlərinin yaradılması və fəaliyyətinin təmin olunması istiqamətində “Karyera məsləhəti xidmətinin təşkili” üzrə təlim proqramının II mərhələsi - “Təlimçilərin təlimi” keçirilir.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, karyera məsləhətçilərinin bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən təlim proqramı çərçivəsində interaktiv müzakirələrin aparılması, iştirakçıların bilik və bacarıqlarının qiymətləndirilməsi üçün təqdimatların təşkili nəzərdə tutulub.
“Karyera məsləhəti xidmətinin təşkili” üzrə təlim proqramında iştirak üçün Bakı, Gəncə, Şəki, Qəbələ, Bərdə və Cəlilabadda yerləşən 10 peşə təhsil müəssisəsindən 50-yə yaxın namizəd müsahibəyə dəvət olunub. 22 iştirakçı təlimlərə cəlb edilib.
Təlim proqramı “Karyera məsləhətçisi” və “Təlimçinin təlimi" kurslarını, həmçinin hər iki təlimdən sonra praktik tapşırıqlara və konsultasiyalara əsaslan mentorluq prosesindən ibarətdir. Hər bir iştirakçı proqram başa çatdıqdan sonra müəyyən müddət ərzində öyrəndiyi bilikləri işdə tətbiq etmək, fərdi yanaşma əsasında bacarıqlarını təkmilləşdirmək və məsləhət almaq imkanı qazanacaq.
Proqramın sonunda karyera məsləhətçiləri və tələbələrin istifadəsi üçün əyani vəsaitlər təmin olunacaq.