ELM VƏ TƏHSİL
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Gənc kimyaçıların görüşü” adlı tədbir keçirilib
Bakı, 27 dekabr, AZƏRTAC
AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda bu elm müəssisəsinin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Gənc kimyaçıların görüşü” adlı tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
AMEA-nın Aşqarlar Kimyası, Polimer Materialları, Neft-Kimya Prosesləri, Radiasiya Problemləri institutları, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti və digər müəssisə və təşkilatları təmsil edən gənclərin də iştirak etdikləri tədbirdə AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru akademik Dilqəm Tağıyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün geniş şəkildə qeyd edilməsinin əhəmiyyətini vurğulayıb, əlamətdar gün münasibətilə xoş arzularını ifadə edib.
Akademik AMEA Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyəti barədə fikirlərini bildirib və qeyd edib ki, hazırda elmə marağı olan gənclərin yetişdirilməsində akademiya geniş imkanlara malikdir, institutda gənc tədqiqatçıların yüksək səviyyədə elmi araşdırmalar aparması üçün onlara hər cür şərait yaradılıb.
D.Tağıyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin əhəmiyyətini diqqətə çatdırıb. O, Ümummilli Liderin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini söyləyib.
Akademik D.Tağıyev gənclərə yaradılan şəraitdən maksimum yararlanmağı, qrant layihələrində, xaricdə təhsil proqramlarında iştirak etməyi, xarici dilləri yüksək səviyyədə mənimsəməyi tövsiyə edib.
Sonra “Ltscientific” şirkətinin texniki meneceri İsmayıl Qarazadə “Kimyəvi analizlərdə istifadə olunan cihazlara tələbat və onların sıradan çıxmasına təsir edən faktorlar”, ADNSU-nun tələbəsi Aygün Hüseynzadə “Neft-kimya məhsulları və ətraf mühit amili”, BDU-nun magistrantı Aysel Nəbiyeva “Karbonun vəsiyyəti” elmi və elmi-populyar mövzularda məruzələrlə çıxış ediblər.
İştirakçıların sualları cavablandırılıb.