İQTİSADİYYAT
Kaxa Kaladze: “Gürcüstanda tikiləcək ilk yeraltı qaz anbarı Azərbaycan qazı hesabına doldurulacaq”
Tbilisi, 10 iyun, AZƏRTAC
Gürcüstanda tikiləcək ilk yeraltı qaz anbarı Azərbaycan qazı hesabına doldurulacaq. Bu anbar Gürcüstanın təbii qaza olan tələbatının ödənilməsində mühüm rol oynayacaq.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze deyib.
K.Kaladze bildirib ki, yeraltı qaz anbarının tikintisi ilə əlaqədar elan olunmuş tenderin nəticələri yaxın günlərdə açıqlanacaq. Anbarın tikintisinə isə sentyabr ayından başlanılması nəzərdə tutulub. Hazırda anbarın tikiləcəyi ərazidə son təhqiqat və araşdırma işləri aparılır. İşlər başa çatmaq üzrədir.
Gürcüstanın energetika naziri anbarın tikintisində bir neçə ölkənin şirkətlərinin iştirak etmək istədiyini bildirib. O deyib ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) də tikintidə iştirak etmək niyyətindədir: “SOCAR ümumiyyətlə bu işlərdə birbaşa tərəfdaş kimi iştirak etmək niyyətindədir. Biz bunu alqışlayırıq və Azərbaycan şirkəti ilə işləməkdən məmnun olarıq. Amma hər şey tenderin nəticələrindən sonra məlum olacaq”.
Qeyd edək ki, Gürcüstan Cənubi Qafqaz regionunda yeraltı qaz anbarı olmayan yeganə ölkədir. Bu da ölkənin təbii qaza olan tələbatının ödənilməsində və enerji təhlükəsizliyində ciddi problemlər yaradır. Problemi həll etmək üçün Gürcüstan hökuməti yeraltı qaz anbarının tikintisi barədə qərar qəbul edib. Anbarın texniki layihəsini Fransanın “Jeostik” kompaniyası hazırlayıb. Anbarda 210-280 milyon kubmetr təbii qaz saxlamaq mümkün olacaq. Bu isə Gürcüstanın istehlak etdiyi mavi yanacağın 15 faizini təşkil edəcək.
Yeni anbar Tbilisinin Samqori adlanan ərazisindəki köhnə cənub qaz günbəzinin bazasında tikiləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi