MƏDƏNİYYƏT
“KazanSummit”də Azərbaycanda halal turizmdən danışılıb
Bakı, 12 may, AZƏRTAC
Mayın 10-12-də Kazanda “Rusiya - İslam dünyası: KazanSummit” X Beynəlxalq İqtisadi Sammiti keçirilir.
AZƏRTAC xəbər verir ki, builki zirvə görüşü “Halal Lifestyle” (halal həyat tərzi) mövzusuna həsr olunub. Tədbirdə əsasən halal turizm məsələləri müzakirə edilib. Tədbirdə çıxış edənlər turizm destinasiyasının nə kimi rol oynaması, istehlak bazarının turbulentliyi şəraitində turizm biznesinin davamlı inkişafının formulunu tərtib etməyin yolları barədə öz fikirlərini bölüşüblər, habelə rekreasiya zonalarının cəlbediciliyi və rəqabətədavamlılığı ilə bağlı yeni amilləri müzakirə ediblər.
Bildirilib ki, halal turizm Misir, BƏƏ, Türkiyə, Malayziya, İndoneziya, Sinqapur və Qətər üçün səciyyəvi olmasına baxmayaraq, bu istiqamət Rusiyada da böyük perspektivlər vəd edir. RF-nin, xüsusən Tatarıstan Respublikasının qəbul etdiyi müsəlman turistlərin sayı ildən-ilə artır.
Azərbaycanın “InTravel Az” turizm agentliyinin nümayəndəsi Emin Ramazanov diskussiya paneli çərçivəsində çıxış edərək, Azərbaycandakı halal turlardan danışıb. O bildirib ki, Azərbaycana müsəlman ölkələrindən turistlərin axını artır. Hazırda “Halal turizm” standartları işlənib hazırlanır.
E.Ramazanov vurğulayıb ki, bu istiqamət təkcə “istirahət” məfhumu ilə assosiasiya olunmamalıdır, eyni zamanda işgüzar, sağlamlaşdırıcı qastronomik turlara şamil edilməlidir. Azərbaycanda elə otellər var ki, burada qonaqlara canamazlar, məxsusi halal yeməklər təklif edilir. Belə otellərin mini barlarında alkoqollu içkilər olmur. Bundan əlavə, İslam mədəniyyəti ilə bağlı obyektlərə ekskursiyalar, o cümlədən dini turlar təşkil edilir. Üstəlik, Azərbaycanın bəzi kurort və sanatoriyalarında kişilər və qadınlar üçün ayrı-ayrı çimərliklər nəzərdə tutulub.
“KazanSummit” Rusiya Federasiyası ilə İslam dünyası ölkələrinin qarşılıqlı iqtisadi fəaliyyəti üçün əsas məkandır. Rusiya ilə İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Beynəlxalq İqtisadi Sammiti ilk dəfə 2009-cu ildə keçirilib. “KazanSummit” əməkdaşlıq məsələlərinin müzakirə olunması və birgə layihələr həyata keçirilməsi üçün aparıcı beynəlxalq platforma yaradıb.