İDMAN
KƏNDDƏ RESPUBLİKA TURNİRİ KEÇİRİLİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 19-da sərbəst güləş üzrə ikinci respublika turnirinin təntənəli açılışı olmuşdur.
Yarışların təşkilat komitəsinin sədri, Astara rayon gənclər, idman və turizm idarəsinin rəisi Ərçə Əliyev toplantını açaraq, həmyerlilərinin şərəfinə rayonda keçirilən turnirin əhəmiyyətindən, Aslan Ağayevin keçdiyi ömür yolundan və idman nailiyyətlərindən danışmış, yarış iştirakçılarına uğurlar diləmişdir.
Azərbaycanın dövlət himninin sədaları altında yarışların açılışını bildirən bayraq qaldırılmışdır. Respublika yunan-Roma və sərbəst güləş federasiyasının vitse-prezidenti Cahangir Qurbanov, dünya çempionu Arif Abdullayev, Astara rayon icra hakimiyyəti başçısının birinci müavini Məzahim Hüseynov və başqaları turnirin açılış mərasimində çıxış edərək, onun Aslan Ağayevin kəndində keçirilməsini rayonun idman həyatında mühüm hadisə kimi dəyərləndirmiş və yarış iştirakçılarına xoş arzularını bildirmişlər.
Toplantı iştirakçıları yaxın günlərdə Ərçivan kəndində Aslan Ağayev adına güləş məktəbinin açılması xəbərini böyük sevinclə, razılıq hissi ilə qarşılamışlar.
Turnirin təşkilat komitəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, üç gün davam edəcək yarışlarda Bakının və respublikanın müxtəlif şəhər və rayonlarından gəlmiş 125 idmançı 13 çəki dərəcəsi üzrə qalib adı uğrunda mübarizə aparacaqdır.