İQTİSADİYYAT
Kiçik və orta sahibkarların maarifləndirilməsi məqsədilə seminar keçirilmişdir
Bakı, 21 noyabr (AZƏRTAC). Noyabrın 21-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi və “Paşa Bank” Beynəlxalq Maliyyə Korporasiyasının təşkilatçılığı ilə “Kiçik və orta sahibkarların maarifləndirilməsi və maliyyə savadlılığının artırılması” mövzusunda seminar keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Beynəlxalq Maliyyə Korporasiyasının, Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin və “Paşa Bank”ın mütəxəssisləri iştirak etmişlər.
Məlumat verilmişdir ki, məqsəd Azərbaycan şirkətlərində çalışanların maliyyə biliklərinin daha da artırılmasıdır.
Bildirilmişdir ki, bu tədbir böyümək əzmində olan kiçik və orta sahibkarların maarifləndirilməsinə, maliyyə vəsaitlərinə çıxışlarının artmasına, həmçinin savadlı kiçik və orta sahibkarlar təbəqəsinin inkişafına tövhə verəcəkdir.
Seminarda mərkəzləşdirilmiş kredit reyestri, onun nə üçün tələb olunması, müsbət kredit tarixçəsi və bunlardan şirkətlər necə yararlana bilərlər və s. məsələlər müzakirə olunmuşdur.