İDMAN
Kişilər arasında stolüstü tennis yarışı İran millisinin qələbəsi ilə başa çatıb
Bakı, 22 may, B.Vəliyev, X.Nağıyeva, AZƏRTAC
Mayın 22-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə kişi komandaları arasında final görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, qızıl medal uğrunda qarşılaşmada Türkiyə və İran komandaları üz-üzə gəliblər. Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada İran komandası Türkiyə millisini 3:1 hesabı ilə məğlub edərək IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
Bürünc medal uğrunda görüş isə mayın 21-də baş tutub. Azərbaycanın kişilərdən ibarət milli komandası Səudiyyə Ərəbistanı təmsilçilərinə 3:1 hesabı ilə qalib gələrək üçüncü yeri tutub.
Qalib idmançılara medalları Azərbaycan Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr idarəsinin rəisi, IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin katibi Könül Nurullayeva təqdim edib.