DÜNYA
Media: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır
Bakı, 19 mart, AZƏRTAC
HƏMAS hərəkatı və İsrail Qəzza sektorunda müvəqqəti atəşkəs və girovların qarşılıqlı dəyişdirilməsi ilə bağlı Dohada bərpa edilən danışıqlarda kompromisə hazırdırlar.
AZƏRTAC xəbər verir ki, Axios portalı bu barədə danışıqlar prosesi ilə tanış olan mənbələrə istinadla məlumat yayıb. Portalın məlumatına görə, yəhudi dövlətinin nümayəndələri Misir və Qətər vasitəçiləri ilə ətraflı danışıqları davam etdirmək üçün Dohada qalacaq.
Reuters agentliyi isə HƏMAS hərəkatının xaricdəki nümayəndələrinin blokada vəziyyətində olan Qəzza ilə əlaqə saxlamaqda çətinlik çəkdiyinə görə danışıqların azı iki həftə davam edə biləcəyini yazıb.
Qeyd edək ki, fevralın 23-24-də Parisdə Qəzza sektorunda vəziyyətin nizamlanması üzrə çoxtərəfli danışıqların ikinci raundu baş tutub. Görüş zamanı ABŞ, Misir və Qətər nümayəndələri İsrailə HƏMAS-ın əlindəki girovların azad olunmasına dair yeni, daha müfəssəl saziş layihəsini təqdim ediblər. Yeni sazişə əsasən İsrail Qəzza sektorunda saxlanılan 40-a yaxın girovun azad edilməsi müqabilində yüzlərlə fələstinlini azadlığa buraxmalı və tərəflər arasında altı həftəlik atəşkəs rejimi əldə olunmalıdır.